2021-ci ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin sayı 25,948 min nəfər və ya 0,3% artaraq 2021-ci il sentyabrın 1-nə 10 milyon 145,081 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 53%-i şəhər, 47%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.
Azərbaycanda hər 1000 kişiyə orta hesabla 1004 qadın düşür.
Yanvar-avqust aylarında ölkə üzrə 73,177 min doğulan körpə qeydə alınıb ki, bu da bir il əvvəllə müqayisədə 11,6% azdır və əhalinin hər 1000 nəfərinə bu göstərici 11 təşkil edib. Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 53,4%, qızların xüsusi çəkisi isə 46,6% olub. Körpələrdən 1862-si əkiz, 51-i üçəm, 4-ü isə dördəm doğulub.
Bu dövrdə 48,633 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 7,3 təşkil edib. 2020-ci ilin yanvar-avqust aylarında bu göstərici 6,4 olub.
Cari ilin yanvar-avqust aylarında ölkədə qeydiyyat şöbələri tərəfindən 36,063 min nikah (2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə artım 54%) və 11,313 min boşanma halı (artım 17,3%) qeydə alınıb.*
X.Nəsirzadə