2021-ci ildə Azərbaycanın qeyri-neft ÜDM-i 4,5% artacaq, 2022-ci ildə isə artım 3,5% təşkil edəcək. Beynəlxalq Valyuta Fondunun (BVF) analitikləri belə hesab edirlər.
Daha əvvəl verilən məlumata görə, BVF 2021-ci ildə Azərbaycanda ÜDM-in 3% artacağını, 2022-ci ildə isə artım tempinin 2,3% təşkil edəcəyini proqnozlaşdırıb.
Bununla yanaşı, BVF cari ildə Azərbaycanda ÜDM-in nominal həcmini $52,6 milyard (2020-ci ildə $42,6 milyard), gələn il isə $54,7 milyard səviyyəsində proqnozlaşdırır.
Fondun Orta Şərq və Mərkəzi Asiya regionu üzrə oktyabr icmalında dərc olunmuş proqnozlarına görə, 2021-2022-ci illərdə Azərbaycanın neft sektorunda illik artım 0,2% təşkil edəcək.
BVF-nin qiymətləndirmələrinə görə, 2021-ci ildə Azərbaycandan $24,4 milyard (2020-ci ildə $15,2 milyard), 2022-ci ildə $23,7 milyard məbləğində mal və xidmət ixrac olunacaq. 2021-2022-ci illərdə Azərbaycana idxal müvafiq olaraq $19 milyard və $18,3 milyard təşkil edəcək.
İqtisadiyyat Nazirliyi 2021-ci ildə ÜDM-in 5%-ə qədər artacağını proqnozlaşdırır.
2020-ci ildə Azərbaycanda ÜDM COVID-19 səbəbindən tətbiq edilən məhdudiyyətlər və OPEC+ razılaşması çərçivəsində neft hasilatının azaldılması ilə əlaqədar 4,3% azalıb, qeyri-neft sektorunda azalma 2,6%, neft sektorunda azalma 7% təşkil edib.*
A.Əzizov