Azərbaycan Braziliya ilə iqtisadi əməkdaşlığın aktivləşməsində maraqlıdır və investisiyaların cəlb edilməsinə ümid edir. Bunu Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov deyib.
“Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Braziliyadakı səfirliyimiz səylərini Azərbaycana Braziliya investisiyalarının cəlb edilməsinə yönəldib. Biz Cənubi Qafqazın qapılarını Braziliya biznesi üçün açmaq istəyirik”, - deyə Poluxov Braziliyanın “Mundo diplomaticо” informasiya agentliyinə müsahibəsində bildirib.
Diplomat xatırladıb ki, Braziliya Latın Amerikası ölkələri arasında Azərbaycanın ən iri ticarət tərəfdaşıdır, Braziliya üçün isə Azərbaycan Cənubi Qafqaz regionunda aparıcı ticarət tərəfdaşıdır.
“Biz, eyni zamanda Azərbaycan mallarının Braziliya bazarına daxil olmasına nail olmaq istəyirik, bunun üçün iki ölkə arasında həm hökumətlər, həm də özəl sektor səviyyəsində daha intensiv əlaqələrin qurulmasına stimul vermək lazımdır”, - deyə Poluxov əlavə edib.*
E.Şəfiyev