Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radmanı qəbul edib. Bu barədə dövlət başçısının rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.
“Görüşdə Qordan Grliç Radmanın Azərbaycana səfərinin ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılması üçün yaxşı imkan yaratdığı bildirildi, Azərbaycan-Xorvatiya əlaqələrinin inkişafından məmnunluq ifadə edildi, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğu vurğulandı, turizm sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıldı, enerji, o cümlədən bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi”, - deyə məlumatda qeyd olunur.
Söhbət zamanı Xorvatiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərində iştirakda maraqlı olduqları bildirildi.
Görüşdə, həmçinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı məsələlərinə toxunuldu və Xorvatiyanın bu məsələdə hər zaman Azərbaycanı dəstəklədiyi vurğulandı.*
A.Salayeva