Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının inşası 2024-cü ilədək tamamlanacaq. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
““Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarına aid bəndlərin tikintisi tamamlanıb. Hazırda hər iki su elektrik stansiyanın qurğu və avadanlıqlarının alınıb quraşdırılması, həmçinin tikintiyə çəkilmiş xərclərin, dəymiş ziyanın həcminin hesablanması ilə bağlı müzakirələr davam etdirilir. Ümumi qoyuluş gücü 200 MVt olan “Xudafərin” və 80 MVt gücündə “Qız Qalası” su elektrik stansiyalarının inşasının 2024-cü ilədək tamamlanması planlaşdırılır”, - deyə nazir bu gün rəsmi mətbuatda dərc olunmuş məqaləsində bildirib.
O xatırladıb ki, bu layihələrin reallaşması təkcə Azərbaycana illik 358 milyon kVt·st elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq.
Prezident İlham Əliyev 2016-cı ilin iyul ayında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişi təsdiq edib. Sənəd ratifikasiya edilərək 1989-cu ildə həyata keçirilməsinə başlanılmış, lakin Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsi nəticəsində reallaşdırılması dayandırılmış sazişin davamıdır.
Ümumi tutumu 1,6 milyard kubmetrdən çox olan bu hidroqovşaqlar və elektrik stansiyaları Azərbaycana və İrana Araz çayının su və enerji ehtiyatlarından birgə istifadə etməyə imkan verəcək.*
N.Abbasova