BP şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) blokundakı “Çıraq” platformasından hasilatı bərpa edib.
““Çıraq” platformasında sentyabrn 23-də başlamış 25 günlük profilaktik işlər 2 gün əvvəlcədən, yəni oktyabrın 16-da uğurla başa çatıb. Proqram üzrə nəzərdə tutulmuş bütün işlər tam təhlükəsiz şəkildə icra olunub və platformanın hasilat və ixrac sistemləri işə salınıb”, - deyə “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, profilaktik və inspeksiya işləri proqramı çərçivəsində müxtəlif layihələr, o cümlədən platformada məşəl uclarının dəyişdirilməsi, alışdırma sisteminin modernləşdirilməsi və vacib təmir işləri həyata keçirilib.
“Proqramın iş həcminin əsas hissəsini Çıraq qazlift layihəsinin yalnız platformanın dayandığı vaxt icra oluna bilən işləri təşkil edirdi. Bu layihə “Çıraq” platformasının istismar ömrünün uzadılması, hasilatın gücləndirilməsi və platformada iş prosesinin daha təhlükəsiz və etibarlı şəkildə davam etməsi üçündür”, - deyə T.Bayatlı qeyd edib.
Proqram üzrə həyata keçirilən işlər 2021-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Platformanın müvəqqəti dayandırılması, həmçinin bu ilin hasilat planına da daxil edilib.
“Çıraq” platformasında profilaktik işlərin aparılması zamanı AÇG-nin digər platformalarından, həmçinin “Şahdəniz” yatağının platformalarından hasilat, Bakı-Tbilisi-Ceyhan, Qərb Marşrutu İxrac Boru Kəməri və Cənub Qafqaz Boru Kəməri vasitəsilə ixrac əməliyyatları normal rejimdə davam edib. Səngəçal terminalı da normal işləyib, Ceyhan və Supsa terminallarında tankerlərin yüklənməsi və yola salınması cədvələ uyğun davam edib.
Daha əvvəl BP şirkəti 2021-ci il aprelin 22-də “Qərbi Azəri” platformasından hasilatı profilaktik işlərin aparılması məqsədilə 15 gün müddətinə dayandırmışdı.
Hazırda AÇG blokunda hasilat 6 platformadan həyata keçirilir.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Blokda neft hasilatına 1997-ci ilin noyabr ayında başlanılıb.
Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb. Yeni saziş çərçivəsində 2017-2049-cu illərdə investisiya qoyuluşu $43 milyard məbləğində qiymətləndirilir.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “MOL” (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.*
N.Abbasova