Azərbaycan və Xorvatiya minatəmizləmə sahəsində əməkdaşlığa başlayır.
“Müvafiq minatəmizləmə avadanlıqları sifariş edilib və onlar Xorvatiyadan Azərbaycana gətirilir”, - deyə xarici işlər naziri Ceyhun Bayramov bu gün Bakıda Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radmanla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Azərbaycan-Xorvatiya əməkdaşlığına toxunan C.Bayramov qeyd edib ki, Xorvatiyadan aparıcı şirkətlərin nümayəndələri biznes forumda iştirak edəcəklər. “Xorvatiya ticarət baxımından Azərbaycanla ən geniş əməkdaşlıq edən 10 ölkə sırasında yer alır. Qarşılıqlı şəkildə həyata keçirilən ali və yüksək səviyyəli səfərlər əlaqələrmizi möhkəmləndirir. Münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələr də mühüm əhəmiyyətə malikdir”, - deyə o bildirib.
C.Bayramov, həmçinin diqqətə çatdırıb ki, Azərbaycanla Xorvatiya arasında hazırda qüvvədə olan 25 saziş, protokol var, 7 sənəd isə baxılmaqdadır.
“Turizm sahəsində görüləcək birgə işlərə COVID-19 pandemiyasından sonrakı dövrdə yeni dinamika verilməsi ilə bağlı müzakirələr aparılıb”, - deyə o əlavə edib.*
E.Şəfiyev