2030-cu ilə qədər olan dövrdə Azərbaycanda iqtisadi artımın təmin edilməsində bank sektorunun rolu əhəmiyyətli dərəcədə artacaq. Bunu Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov deyib.
“Hazırda Azərbaycanda 2030-cu ilə qədər olan dövrü əhatə edən milli inkişaf strategiyası hazırlanır. Strategiyanın birinci mərhələsi çərçivəsində (2026-cı ilə qədər) dayanıqlı iqtisadi artım, iqtisadiyyatın şaxələndirilməsi, yaşıl iqtisadiyyat, ətraf mühit, inklüzivlik və dünyada baş verən digər proseslərlə bağlı digər məsələlər nəzərdə tutulub”, - deyə E.Rüstəmov bu gün bildirib.
Onun sözlərinə görə, strategiyanın əsas istiqamətlərindən biri iqtisadiyyatın şaxələndirilməsidir.
“Bu məsələdə bank sektoruna böyük rol ayrılır, sektorun qarşısında böyük çağırışlar var. İqtisadi artımın maliyyələşdirilməsində bank sektorunun rolu artacaq. ( ... ) Bu kontekstdə qarşıdakı dövrdə banklar qarşısında korporativ inkişaf, korporativ idarəetmə standartlarının tətbiqi, daxili texnoloji baza, rəqəmsal transformasiya, insan kapitalının inkişafı ilə bağlı vəzifələr qoyulub”, - deyə Rüstəmov vurğulayıb.
O qeyd edib ki, hazırda bank sektoru maliyyə sektorunun aktivlərinin 90%-dən çoxunu formalaşdırır. “Maliyyə sektorunda ciddi islahatlar aparılacaq”, - deyə AMB sədri əlavə edib.*
X.Nəsirzadə