Oktyabrın 20-də xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“C.Bayramov Ermənistan və Azərbaycan arasında münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşdırılması ilə bağlı Bakının mövqeyini dövlət katibinin köməkçisinin diqqətinə çatdırıb. Öz növbəsində, K.Donfrid iki ölkə arasında münasibətlərin normallaşdırılmasının vacib olduğunu və ABŞ-ın bu xüsusda dəstək verməyə hazır olduğunu qeyd edib”, - deyə məlumatda bildirilir.
Tərəflər iki ölkə arasında əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıb və bir sıra istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
“Telefon danışığı zamanı, həmçinin regiondakı münaqişə sonrası vəziyyət müzakirə edilib. Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə