Dövlət Gömrük Komitəsi (DGK) Qarabağa qanunsuz yük daşımaya görə bu ilin sentyabrında saxlanılmış iki İran vətəndaşını öz ölkələrinə qaytarıb.
“Azərbaycan Respublikası humanizm, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərindən çıxış edərək və xoş niyyət nümayiş etdirərək İran İslam Respublikasının vətəndaşları Barzegar Haghı Jafar Ghazanfarı və Norouzı Shahroud Heıdarı müvafiq razılaşmaya əsasən oktyabrın 21-i səhər saatlarında öz ölkələrinə qaytarıb”, - deyə DGK-dan “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Xatırladaq ki, adıçəkilən şəxslər sentyabrın 15-də malları sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmələri, habelə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq keçdiklərinə görə saxlanılmışdılar.*
B.Rüstəmbəyov