2021-ci il oktyabrın 1-nə Azərbaycanda 163,979 min hüquqi şəxs qeydiyyatdan keçib ki, bu da ötən ilin sonuna olan göstəricidən 5,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2021-ci ilin yanvar-sentyabr aylarında 8,918 min hüquqi şəxs qeydiyyata alınıb, 374 hüquqi şəxs fəaliyyətini dayandırıb.
2021-ci il oktyabrın 1-nə respublikada 11,84 min kənd təsərrüfatı (artım 2,5%), 9,142 min emal (artım 7,6%), 15,599 min tikinti müəssisəsi (artım 5,8%) fəaliyyət göstərir.
Bundan başqa, sentyabrın sonuna topdan və pərakəndə ticarət, avtomobil və digər məişət mallarının təmiri ilə məşğul olan 47,368 min (artım 7,7%), maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan 2,029 min (artım 6,5%), daşınmaz əmlakla bağlı əməliyyatlarla məşğul olan 2,317 min (artım 7,3%), inzibati və yardımçı xidmətlərlə məşğul olan 8,201 min (artım 5,7%), rabitə və informasiya sahəsində fəaliyyətlə məşğul olan 4,544 min (artım 10,7%), sağlamlaşdırma və əyləncə sahəsində fəaliyyətlə məşğul olan 2,243 min hüquqi şəxs (artım 3,6%) qeydiyyata alınıb.
2021-ci il oktyabrın 1-nə olan vəziyyətə görə, hüquqi şəxslərin strukturunda 151,511 min hüquqi şəxs (bütün hüquqi şəxslərin 92,4%-i) özəl müəssisələrin (o cümlədən 12,885 min hüquqi şəxs xarici, 3,135 min hüquqi şəxs birgə müəssisələrin), 10,73 min hüquqi şəxs (6,5%) dövlət müəssisələrinin, 1,738 min hüquqi şəxs (1,1%) bələdiyyə müəssisələrinin payına düşür.
1 oktyabr tarixinə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 1 milyon 142,511 min fiziki şəxs qeydiyyatdan keçib. 2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə onların sayı 7,5% artıb.
Kənd təsərrüfatı sahəsində 384,02 min, emal sənayesi sahəsində 24,419 min, topdan və pərakəndə ticarət, avtomobil və məişət mallarının təmiri sahəsində 238,987 min fiziki şəxs fəaliyyət göstərir.
Maliyyə və sığorta fəaliyyəti ilə 3,94 min, daşınmaz əmlakla bağlı əməliyyatlarla 15,374 min, inzibati və yardımçı xidmətlər sahəsində 22,602 min, tikinti fəaliyyəti ilə 23,028 min, turistlərin yerləşdirilməsi və ictimai iaşə ilə 44,755 min, nəqliyyat və anbar təsərrüfatı ilə 126,679 min, sağlamlaşdırma və əyləncə sahəsində fəaliyyətlə 14,255 min fiziki şəxs, qalanları digər fəaliyyət növləri ilə məşğul olur.*
B.Rüstəmbəyov