Oktyabrın 22-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunda aparılan tikinti işləri ilə tanış olub. Bu barədə DGK-nın mətbuat xidmətindən məlumat verilib.
“Gömrük-keçid məntəqəsində həyata keçirilən tikinti və yenidənqurma işləri ilə bağlı komitə sədrinə ətraflı məlumat verilib”, - deyə məlumatda bildirilir.
Ən müasir avadanlıqlarla təchiz edilməsi nəzərdə tutulan “Xanoba” gömrük postu Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə yüklərin daha sürətli daşınmasına, sərhədkeçmə proseslərinin asanlaşdırılmasına, ölkəmizin tranzit imkanlarının genişlənməsinə, xüsusilə Azərbaycan-Rusiya sərhədində yaranan növbələrin tam aradan qaldırılmasına şərait yaradacaq.*
A.Salayeva