“Azərbaycan Supermarket” MMC oktyabrın 28-də 10 milyon manatlıq istiqrazların növbəti yerləşdirilməsinə başlayacaq. Bu barədə Bakı Fond Birjasının (BFB) məlumatında deyilir.
14 oktyabr 2021-ci il tarixində BFB-nin Listinq Komitəsinin qərarı ilə Bravo Supermarketlər şəbəkəsinin daxil olduğu “Azərbaycan Supermarket” MMC-nin istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Oktyabrın 28-də keçiriləcək hərraca hər birinin nominal qiyməti 1 min manat olan 10 min ədəd istiqraz çıxarılır. İstiqrazlar üzrə gəlirlilik 10,5% (faiz ödənişləri rübdə bir dəfə həyata keçiriləcək), qiymətli kağızların tədavül müddəti 3 ildir. Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Daha əvvəl verilən məlumata görə, “Azərbaycan Supermarket” MMC 40 milyon manatlıq istiqraz buraxmağı planlaşdırır.
“Azərbaycan Supermarket” MMC 2015-ci ilin fevral ayından fəaliyyət göstərir. Cəmiyyətin səhmdarları iki hüquqi (hər birinin payı 25%-dir) və bir fiziki şəxsdir (50%). Şirkət ərzaq və qeyri-ərzaq mallarının pərakəndə satışı seqmentində fəaliyyət göstərir. 2020-ci ilin sonuna şirkətin 66 satış nöqtəsi (3 hipermarket, 10 supermarket, mağaza və kafelər) mövcuddur. Cəmiyyətə məxsus hipermarketlər, supermarketlər və mağazalar “Bravo” ticarət markası altında fəaliyyət göstərir. 2019-cu ilin sonuna cəmiyyətin ərzaq və qeyri-ərzaq mallarının pərakəndə satışı bazarında payı 2% təşkil edir.
2020-ci ilin sonuna “Azərbaycan Supermarket” MMC-nin aktivləri 465,5 milyon manata bərabərdir. 2020-ci il ərzində şirkətin gəlirləri 512,9 milyon manat, zərəri 46,929 milyon manat təşkil edib.**
X.Nəsirzadə