Bazar ertəsi müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev NATO-nun Beynəlxalq Hərbi Qərargahının Kooperativ Təhlükəsizlik İdarəsinin rəisi general-mayor Françesko Diellanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Görüşdə Baş Qərargah rəisi Vətən müharibəsində əldə edilən qələbədən sonra Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da yüksəldiyini qeyd edib.
Vəliyev Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, NATO-nun bölmələrimizin bu sahədə hazırlığına verdiyi töhfəni yüksək dəyərləndirib”, - MN-dən məlumat verilir.
Öz növbəsində, Diella Azərbaycan Ordusunun hərbi qulluqçularının NATO ilə tərəfdaşlıq çərçivəsində bütün sahələrdə fəaliyyətlərini, o cümlədən sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirib.
“Görüşdə NATO ilə əməkdaşlığın müxtəlif sahələrində inkişaf perspektivləri müzakirə edilib”, - nazirlikdən vurğulanır. **
N.Abbasova