Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana səfərə yola düşüb.
“Anadolu” agentliyinin məlumatına görə, dövlət başçısını Ankaradakı Esenboğa Hava Limanından Ankara valisi Vasip Şahin və digər məsul şəxslər yola salıblar.
R.T.Ərdoğanı səfərdə milli müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, ətraf mühit və şəhərsalma naziri Murat Kurum, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın müşaiyət edirlər.
R.T.Ərdoğanın birgünlük işgüzar səfəri Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.
Azərbaycan və Türkiyə prezidentləri işğaldan azad olunan Füzuli şəhərində inşa edilən Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəklər.
Bundan başqa, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Zəngilan rayonunda Türkiyənin dəstəyi ilə inşa ediləcək “Ağıllı aqropark”ın təməlini qoyacaqlar.
Həmçinin dövlət başçılarının iştirakı ilə Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yollarının tikintisi işlərinə start veriləcək.
Türkiyə liderinin rəsmi qarşılanma mərasimi Birinci Ağalı kəndi ərazisində baş tutacaq.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə-Azərbaycan əlaqələri müzakirə ediləcək, bu münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində atılacaq addımlar nəzərdən keçiriləcək.
Görüşlərdə, həmçinin regional və beynəlxalq proseslərlə bağlı da fikir mübadiləsi aparılacaq.*
N.Abbasova