“Azergold” QSC Kəlbəcər rayonunun Tutxun potensial perspektivli sahəsində məsafədən satellit/peyk üsulu ilə hiperspektral çəkilişləri üzrə kameral tədqiqatlarının aparılmasına başlayır.
www.tender.gov.azsaytında dərc olunmuş məlumata görə, bu məqsədlə “AzerGold” “BINSOFT” MMC ilə 595 min 502,34 manat məbləğində müqavilə bağlayıb.
Açıq mənbələrin məlumatına görə, Tutxun perspektiv strukturu Tutxun filiz sahəsinə daxildir. Tutxun filiz sahəsində Ağzıbir, Qızılitən, Qərbi Qızılitən, Qazıxanlı, Qalaboynu, Tutxun, Zərqulu, Oruclu, Yeni Qalaboynu qızıl yataqları aşkar edilib və öyrənilib.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.*
N.Abbasova