“Azər-Türk Bank” 2021-ci ilin yanvar-sentyabr aylarında aktivlərini 2,5% - 368,063 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2021-ci il sentyabrın 30-na bankın kredit portfeli (mümkün itkilərin qarşılanması üçün yaradılmış ehtiyatlar nəzərə alınmadan) 204,414 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 22,1%) təşkil edib. Eyni zamanda, hesabat dövrünün sonuna istehlak kreditləri üzrə portfel 66,044 milyon manat (artım 56,3%), biznes kreditləri üzrə portfel 32,774 milyon manat (azalma 15,6%) səviyyəsində qiymətləndirilir.
Bankın öhdəlikləri 311,058 milyon manata bərabərdir (artım 2,6%). 2021-ci il sentyabrın sonuna depozit portfeli 174,511 milyon manat (azalma 3%), o cümlədən fiziki şəxslərin əmanətləri 86,265 milyon manat (artım 6,8%) təşkil edir.
Oktyabrın əvvəlinə “Azər-Türk Bank”ın kapitalı 57,005 milyon manata (artım 2%), nizamnamə kapitalı 50 milyon manata (dəyişməyib) bərabərdir.
9 ayın yekunları üzrə bankın xalis mənfəəti 729 min manat təşkil edib (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 8,2 dəfə - İF).
“Azər-Türk Bank” 1995-ci ilin may ayında yaradılıb. Bankın əsas səhmdarı Əmlak Məsələləri Dövlət Komitəsidir (75%). “T.C.Ziraat Bankasi” (Türkiyə), “AzRe Təkrarsığorta” şirkəti və “Qala Həyat Sığorta” şirkəti də bankın səhmdarları sırasında yer alır.*
X.Nəsirzadə