Rusiya Ermənistanla Azərbaycan arasında sərhədlər probleminin həlli prosesinə cəlb olunmalıdır, sərhədin demarkasiya və delimitasiya prosesi keçmiş SSRİ-nin xəritələri əsasında həyata keçirilməlidir.
“Rusiya prezidentinin söz açdığı xəritələr 100% olmasa belə, 90% Ermənistanın inzibati-ərazi bölgüsü haqqında qanuna uyğundur. Məhz həmin qanun Ermənistan ərazisini göstərir, sərhədlər isə, de-yure kateqoriya kimi, əlbəttə ki, başqa qanunla müəyyən olunur”, - Paşinyan çərşənbə günü parlamentdə “hökumət saatı” çərçivəsində deputatların suallarına cavabında bildirib.
“Hesab edirəm ki, bəli, həmin xəritələr lazımdır, bu müzakirələr lazımdır. Rusiyanın, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, bu prosesə cəlb edilməsi vacibdir”, - Paşinyan qeyd edib.
O bəyan edib ki, Ermənistan-Azərbaycan sərhədinin demarkasiya və delimitasiya prosesi keçmiş SSRİ-nin hüquqi önəm kəsb edən xəritələri əsasında həyata keçirilməlidir.
Oktyabrın 21-də Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, RF Ermənistan və Azərbaycan arasında sərhəd probleminin həllində vacib rol oynaya bilər.
“İndi ən vacib məsələ sərhəddə vəziyyəti birdəfəlik nizamlamaqdır. Əlbəttə ki, burada da Rusiyanın iştirakı olmadan heç nə etmək mümkün deyil”, - Putin “Valday” diskussiya klubunun Soçidə keçirilən iclasında bildirib.
O, eyni zamanda qeyd edib: “Burada bizə iki tərəfdən və Rusiyadan başqa heç kim lazım deyil. “Çox sadə və praqmatik şeylər var. Çünki Rusiya ordusunun Baş Qərargahında SSRİ respublikaları arasındakı sərhədlərin haradan keçdiyini göstərən xəritələr var”. **