Gəncədə fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində 3 nəfər həlak olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, 28.10.2021-ci il tarixində saat 04:18-də FHN-in “112” qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonunda fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.
“Məlumat qəbul edilən kimi FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. İlk yanğınsöndürmə avtomobili saat 04:27-də hadisə yerinə çatıb və dərhal yanğının söndürülməsi işlərinə başlanılıb. Yanğın nəticəsində ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 1990-cı il təvəllüdlü Məmmədov Bahəddin Qəşəm oğlu, 2007-ci il təvəllüdlü Məmmədov Turqay Bahəddin oğlu və 2012-ci il təvəllüdlü Məmmədova Mələk Bahəddin qızının meyitləri aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib”, - deyə məlumatda bildirilir.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.*
B.Rüstəmbəyov