Özbəkistan Respublikasının İpək Yolu Beynəlxalq Turizm Universitetində (Səmərqənd şəhəri) təhsil almaq istəyən Azərbaycandan olan tələbələr üçün kvota 3-5 yerdir. Bunu universitetin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrlə qarşılıqlı fəaliyyət şöbəsinin rəhbəri İxtiyor Curayev deyib.
“Təhsil dövlət vəsaiti (Özbəkistan hökumətinin – İF) hesabına həyata keçirilir. Tələbələr ayda $500 məbləğində təqaüd alacaqlar”, - deyə Curayev “İnterfaks-Azərbaycan” agentliyinin Özbəkistana ezam olunmuş müxbirinə bildirib.
Onun sözlərinə görə, Azərbaycandan olan magistrantlar üçün kvota 3-5 yer təşkil edir.
“Azərbaycandan ilk iki tələbə artıq qəbul olunub (bu il – İF). Lakin biz Azərbaycandan daha çox tələbə görmək istərdik”, - deyə Curayev vurğulayıb.
Şöbə müdiri qeyd edib ki, tədrisin ingilis dilində həyata keçirildiyi bu pilot proqram yalnız magistratura təhsili üçün nəzərdə tutulur, lakin gələcəkdə proqramın genişləndirilməsi planlaşdırılır.
“Əvvəlcə proqrama bakalavr dərəcəsinin daxil edilməsi nəzərdə tutulurdu, lakin sonra qərara gəldik ki, bu mərhələdə magistraturadan başlamaq lazımdır, çünki bu pillədə nə istədiklərini bilən, öz inkişafını qiymətləndirən və öz sahəsində bu və ya digər dərəcədə mütəxəssis olan hazırlanmış kadrlar olacaq”, - deyə Curayev vurğulayıb.
Turizm sənayesində ali təhsil müəssisəsinin açılması təşəbbüsü Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən Çinin Sindao şəhərində keçirilən ŞƏT dövlət başçılarının sammitində irəli sürülüb. Mirziyoyevin 28 iyun 2018-ci il tarixli 3815 saylı fərmanı ilə beynəlxalq statuslu ilk dövlət ali təhsil müəssisəsi təşkil edilib. Universitet 2018-ci ilin iyul ayında açılıb.*
X.Nəsirzadə, A.Əzizov