Prezident İlham Əliyev Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib.
“Xalqlarımızın ortaq tarixi və milli-mənəvi dəyərləri kimi möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələri birliyimizin və həmrəyliyimizin bariz ifadəsidir. Hazırda bu əlaqələrin tarixi dövrünə şahidlik edirik. Şuşa Bəyannaməsində müəyyənləşdirdiyimiz hədəflərə və istiqamətlərə uyğun olaraq müttəfiqlik münasibətlərimiz gündən-günə genişlənməkdə və yeni məzmunla zənginləşməkdədir”, - deyə təbrikdə bildirilir.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması uğrunda apardığı mübarizədə Türkiyə Prezidenti və xalqının qəti, birmənalı siyasi və mənəvi dəstəyi böyük rol oynayıb.
“Azərbaycan-Türkiyə həmrəyliyini bir daha bütün dünyaya nümayiş etdirmiş bu dəstəyi xalqımız heç zaman unutmayacaq”, - deyə İ.Əliyev vurğulayıb.
Dövlət başçısı Ərdoğana möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.*
B.Rüstəmbəyov