Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevin etimadnaməsini qəbul edib.
“Sizi Azərbaycanda salamlayıram. İşinizin uğurlu olmasını, vaxtınızı yaxşı keçirməyi arzu edirəm. Mən də Qırğız Respublikasının Prezidentinə salamlarımı və ən xoş arzularımı çatdırmağınızı xahiş edirəm və onu da özü üçün münasib olan istənilən vaxtda Azərbaycana dəvət etmək istəyirəm”, - deyə dövlət başçısı səfirin etimadnaməsini qəbul edərkən bildirib.
Onun sözlərinə görə, Bakı Bişkəklə əməkdaşlığın intensivləşməsində, xüsusilə Qırğızıstanda investisiya layihələrinin inkişafında maraqlıdır.
“İkitərəfli münasibətlərə gəldikdə, biz əlaqələrin intensivləşəcəyinə ümid edirik. Hesab edirəm ki, mövcud potensial ötən illərdə tam həcmdə reallaşdırılmayıb. Buna görə əlbəttə ki, iqtisadi-ticari sahəyə diqqət yetirmək lazımdır, bu sahədə əmtəə dövriyyəsini artıra bilərik. Bundan əlavə, bildiyiniz kimi, Azərbaycan ölkənin hüdudlarından kənarda fəal sərmayə qoyur. Biz Qırğızıstanda investisiya layihələrini ətraflı müzakirə edə bilərik”, - deyə İ.Əliyev vurğulayıb.*
X.Nəsirzadə