Türkiyə Ermənistanla münasibətlərin normallaşması məsələsində Azərbaycanla məsləhətləşmələr aparır. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu yaxınlarda Füzuliyə səfəri zamanı bu məsələni (Ermənistanla münasibətlərin normallaşması – İF) Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla müzakirə etdik. Bu istiqamətdə Azərbaycanla məsləhətləşmələr aparırıq. Eyni zamanda, Ermənistan tərəfdən müsbət mesajlar var. Bu mesajlara qarşılıq verəcəyimizi demişik. Azərbaycanla birgə ata biləcəyimiz addımları da müzakirə edirik”, - deyə o, “CNN Türk” telekanalına müsahibəsində bildirib.
M.Çavuşoğlu əlavə edib ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını təklif edib.
“Ancaq Ermənistan buna hələ də müsbət cavab verməyib. Hamı qəbul etməlidir ki, (artıq Ermənistanda da bunu qəbul edirlər) Türkiyə bütün qərarları Azərbaycanla birlikdə qəbul edəcək”, - deyə nazir vurğulayıb.*
N.Abbasova