SOCAR-ın Rumıniyada yeni yanacaqdoldurma məntəqəsi (YDM) fəaliyyətə başlayıb.
“YDM Rumıniyanın şimalında, ölkənin Ukrayna və Moldova ilə sərhəddindəki Suceava regionundadır. Sözügedən məntəqə bu regionda müştərilərin ixtiyarına verilən 7-ci, ümumilikdə isə Rumıniya ərazisində istifadəyə verilmiş 66-cı “SOCAR” brendli YDM-dir”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi şirkətin məlumatına istinadən xəbər verir.
Yeni məntəqədə quraşdırılmış 3 sayğac eyni anda 4 kiçik və 2 böyük avtonəqliyyat vasitələrinin yanacaqla təmin olunmasına imkan verir. Məntəqədə “NANO 95” və “NANO 98” (benzin), “NANO Dizel” və “NANO Super Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçirilir. Bundan başqa, YDM maye qaz (LPG) və “Adblue” (dizel mühərriklərinin iş prosesi zamanı atmosferə atılan zərərli azot oksidinin azaldılması məqsədilə istifadə olunur) yanacaqları ilə də təchiz edilib.
Hazırda SOCAR Rumıniyanın 26 regionunda “SOCAR” brendli yanacaqdoldurma məntəqələrinə malikdir.
SOCAR Rumıniyada neft məhsullarının pərakəndə satışı bazarında fəaliyyətə 2011-ci ildən başlayıb. Bu günədək şirkət tərəfindən ölkədə 550-yə yaxın iş yeri yaradılıb və 64 milyon avrodan artıq sərmayə yatırılıb.*
N.Abbasova