Azərbaycanda 4 bankın müştəriləri ödəniş kartları vasitəsilə Mərkəzi Bank (AMB) tərəfindən yaradılmış Ani Ödənişlər Sisteminə (AÖS) çıxış əldə edəcəklər. Bu barədə AMB-nin məlumatında deyilir.
“Paşa Bank” ASC, “Muğanbank” ASC,“Bank Avrasiya” ASCvə“Premium Bank” ASC müştərilərinin ödəniş kartlarına bağlı olan bank hesablarından AÖS-də istifadəni təmin edən banklar siyahısına qoşulub”, - deyə məlumatda bildirilir.
Beləliklə, adıçəkilən bankların müştəriləri üçün də ödəniş kartlarına bağlı olan bank hesablarının “Açıq bankçılıq” prinsipləri əsasında məsafədən qeydiyyatdan keçirilməsi, qeydiyyatdan çıxarılması, habelə hesab qalığı üzrə məlumatların əldə edilməsi və əməliyyatların aparılması üzrə imkanlar yaradılıb.
Hazırda 20 bank, “Azərpoçt” MMC və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi AÖS platformasına inteqrasiya olunub. Sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdirilməkdədir.
Ani Ödənişlər Sistemi 2020-ci ilin 1 oktyabr tarixində istismara verilib. 2021-ci il iyulun 1-dək sistemdən istifadə pulsuz olacaq. Ani Ödənişlər Sistemi ölkədə fiziki şəxslər, biznes strukturları və dövlət orqanları arasında aparılan qarşılıqlı hesablaşmaların 5-10 saniyə ərzində tam başa çatdırılması imkanını təmin edir. Sistemin yaradılması ilə İsveçrənin “CMA Small Systems AB” şirkəti məşğul olub. Sistemin funksionallıqlarının tətbiqi nəticəsində fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları arasında hesablaşmaların 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-poçt) aparılması və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunması imkanı yaradılıb.*
X.Nəsirzadə