2021-ci ilin 9 ayının yekunları üzrə Azərbaycan Mərkəzi Bankı tərəfindən təşkil olunan valyuta hərraclarında xarici valyuta satışının həcmi $4,9 milyard təşkil edib, dördüncü rübdə $2,4 milyardın satışı planlaşdırılır. Bu barədə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bəyan edib.
“9 ay ərzində 81 hərrac təşkil olunub, ümumilikdə $4,9 milyard məbləğində xarici valyuta satılıb, bu da hər hərracda orta hesabla $60 milyon təşkil edir. Həmçinin, bu dövr ərzində AMB tərəfindən keçirilmiş valyuta hərraclarının 84%-də təklif tələbatı üstələyib”, - Rüstəmov cümə günü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, dördüncü rübdə hərraclarda $2,4 milyardın satışı planlaşdırılır, hər hərracda satışların orta həcmi $130 milyona yaxın təşkil edəcək.
Eyni zamanda, Rüstəmov bəyan edib ki, hazırda xarici valyutanın əsas satıcısı olan ARDNF cari ilin əvvəlindən hərraclarda $1,2 milyardı sata bilməyib (tələbin aşağı olması səbəbindən - İF).
“Bugünədək ARDNF-nin satış qrafikindən geri qalması $1,2 milyardı ötür”, - Rüstəmov əlavə edib.
O əlavə edib ki, milli valyuta dayanıqlıdır.
Xəbər verildiyi kimi, Azərbaycan Dövlət Neft Fondu 2020-ci ildə valyuta hərraclarında $7 milyard 303,64 milyon məbləğində xarici valyuta (2019-cu illə müqayisədə artım 10,7%) satıb. 2020-ci ildə dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşması ilə əlaqədar xarici valyutaya tələbatın artımı müşahidə olunub. Bununla əlaqədar Azərbaycan əhalisində ajiotaj olub. ARDNF Milli valyutanın devalvasiyasına imkan verməmək və mövcud tələbatın ödənilməsi məqsədilə AMB tərəfindən təşkil olunan hərraclarda xarici valyuta satışının həcmini artırıb. **
X.Nəsirzadə