2021-ci ilin yanvar-sentyabr aylarında dövlət əmlakının özəlləşdirilməsindən və icarəyə verilməsindən dövlət büdcəsinə 58,02 milyon manat ($34,14 milyon) məbləğində vəsait daxil olub. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatında deyilir.
“Bu ilin yanvar-sentyabr ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 58,02 milyon manat təşkil edib və yarımillik proqnoz 78,1% icra edilib”, - Xidmətdən bildirilir.
Dövlət əmlakının icarəsindən isə büdcəyə 11,6 milyon manat ödənilib və proqnoz 5,7% artıq icra olunub.
“2021-ci ilin yanvar-sentyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi üzrə 47 hərrac keçirilib. Hərraclarda 15 səhmdar cəmiyyətləri, 30 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili və 145 nəqliyyat vasitəsi özəlləşdirilib. Cari ilin 9 ayı ərzində 496 qeyri-yaşayış sahəsi, 699 müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsi icarəyə verilib, 282 icarə müqaviləsinin müddəti uzadılıb”, - Xidmətdən qeyd olunur.**
B.Rüstəmbəyov