Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə dövlət sərhədi və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərindəki hazırkı vəziyyət təhlil edilib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.
Müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri iştirak ediblər. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik komandirləri, o cümlədən digər məsul zabitlər isə müşavirəyə videobağlantı vasitəsilə qoşulublar.
“Nazir Azərbaycan Ordusunda qoşunların hazırlığına xüsusi diqqət yetirilməsi, şəxsi heyətin döyüş hazırlığı və ayıq-sayıqlığının daim yüksək səviyyədə saxlanılması, onlara təhlükəsizlik qaydalarının çatdırılması və bu qaydalara əməl olunmasına ciddi nəzarət edilməsi, döyüş planlarının dəqiqləşdirilməsi, həmçinin maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib. Azad edilən ərazilərdə dislokasiya olunan hərbi hissələrdə qoşun xidmətinin təşkili, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, hərbi infrastrukturun yaradılması, dağ yollarının çəkilməsi və onların daim işlək vəziyyətdə saxlanılmasının vacibliyi vurğulanıb”, - nazirliyin məlumatında qeyd olunur.
Həsənov qış mövsümünü nəzərə alaraq bölmələrin fəaliyyətinin, xüsusilə dağlıq ərazilərdə xidmət edən bölmələrə lazımi ehtiyatların vaxtında çatdırılması məsələlərinin diqqətdə saxlanılması ilə bağlı müvafiq göstərişlər verib. **
A.Salayeva