Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ hökumətinin Los-Anceles şəhərində 1982-ci ildə Türkiyə diplomatı Kamal Arıkanı qətlə yetirən erməni terrorçu, ASALA-nın üzvü Ambik Sassunyanın həbsdən azad edilməsi qərarını pisləyir.
“Los-Anceles şəhərində 1982-ci ildə Türkiyə diplomatı Kamal Arıkanı qətlə yetirən erməni terrorçu, ASALA-nın üzvü Ambik Sassunyanın həbsdən azad edilməsi qərarını pisləyirik. Bir terrorçunun azadlığa buraxılması təhlükəli olmaqla yanaşı, terrorçuluğun təşviqinə xidmət edir”, - Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bəyan edib.
O qeyd edib ki, həbsdə olarkən, 2012-ci ildə “Hay Zinvor” adlı erməni hərbi jurnalına verdiyi müsahibəsində Sassunyan erməni əsgəri olduğu və Azərbaycanın o zaman işğal altında olan Qarabağ ərazisində döyüşməyə hazır olduğunu bildirib.
“Bu terrorçunun heç də islah olmadığını nümayiş etdirir”, - Abdullayeva vurğulayıb.
Bundan əlavə, o bildirib ki, Ermənistan KİV-də yayılmış məlumata əsasən, Sassunyan bu ölkənin ərazisindədir.
“Terrorçunun hər hansı şəkildə qəhrəmanlaşdırılması cəhdlərinin qarşısı alınmalıdır”, - Abdullayeva deyib. **
A.Salayeva