Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2021-ci ilin oktyabr ayında valyuta hərraclarında $539,9 milyon məbləğində xarici valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.
Xəbər verildiyi kimi, ARDNF cari ilin sentyabr ayında valyuta hərraclarında $565,4 milyon məbləğində xarici valyuta satıb. Beləliklə, oktyabr ayında xarici valyuta satışının həcmi sentyabr ayı ilə müqayisədə 0,5% azalıb.
“İnterfaks-Azərbaycan” agentliyinin fondun aylıq məlumatları əsasında apardığı hesablamalara görə, 2021-ci ilin yanvar-oktyabr aylarında ARDNF valyuta hərraclarında $4 milyard 845,3 milyon (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə azalma 21,4% - İF) satıb.
Hazırda ARDNF valyuta hərraclarında valyutanın əsas satış mənbəyi kimi çıxış edir.
Azərbaycan Dövlət Neft Fondu 2020-ci ildə valyuta hərraclarında $7 milyard 303,64 milyon məbləğində xarici valyuta (2019-cu illə müqayisədə artım 10,7%) satıb. 2020-ci ildə dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması ilə əlaqədar xarici valyutaya tələbatın artması müşahidə olunub və bu səbəbdən Azərbaycan əhalisi arasında ajiotaj yaranıb. ARDNF milli valyutanın devalvasiyasına yol verilməməsi və mövcud tələbatın ödənilməsi məqsədilə Mərkəzi Bankın təşkil etdiyi hərraclarda xarici valyutanın satış həcmini artırıb.*
A.Əzizov