SOCAR noyabrın 1-də $100 milyon məbləğində 5 illik istiqrazlar yerləşdirib, abunə yazılışı üzrə sifarişlərin nominal qiymətlə ümumi məbləği $380,614 milyon təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından (BFB) məlumat verilib.
“754 investor tərəfindən 761 sifariş təqdim edilib”, - deyə məlumatda bildirilir.
İstiqrazın illik faiz dərəcəsi 4.5%-dir, faiz ödənişləri 3 aydan bir olmaqla investorlara ödəniləcək.
Yeni istiqrazların tədavül müddəti 5 ildir. Emissiya hər birinin nominal qiyməti $1 min olan 100 min ədəd istiqraza bölünüb.
SOCAR istiqrazların yerləşdirilməsindən cəlb olunan vəsaitləri müxtəlif layihələr üzrə öhdəliklərin maliyyələşdirilməsinə (Bakı Neft Emalı Zavodunun yenidən qurulması, Karbamid zavodunun tikintisi və s.) yönəltməyi nəzərdə tutur.
SOCAR 2016-cı ilin sentyabr ayında daxili bazarda $100 milyon həcmində istiqrazların (illik gəlirlilik 5%) ilk buraxılışını həyata keçirib. Şirkətin istiqrazlarına tələb $203,4 milyonu ötüb. İstiqrazların tədavül müddəti 2021-ci il oktyabrın 18-də başa çatıb. İstiqraz sahibləri $25 milyon gəlir əldə ediblər.*
A.Əzizov