Bakı Cakarta ilə iqtisadi və siyasi münasibətlər də daxil olmaqla, bütün istiqamətlərdə əməkdaşlıq əlaqələrini möhkəmləndirmək niyyətindədir. Bunu Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyev deyib.
“Azərbaycan tərəfi hər iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin təşkil edilməsi üzərində işləyir”, - deyə C.Mirzəyev İndoneziyanın ANTARA xəbər agentliyinə müsahibəsində bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, səfir hesab edir ki, iki ölkə arasında münasibətlər dərinləşdirilməlidir, çünki bu istiqamətdə indiyədək reallaşdırılmayan böyük potensial mövcuddur.
Səfir yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin qarşılıqlı ticarət həcmlərinə müsbət təsir göstərəcəyini vurğulayıb. “İndoneziya Azərbaycan üçün böyük bazardır. Əminəm ki, biz həm hökumət, həm də şirkətlər səviyyəsində əməkdaşlıq qura bilərik”, - deyə C.Mirzəyev qeyd edib.
Diplomat hesab edir ki, tərəflər ticarət sahəsində saziş imzalaya bilərlər. “Əgər biz sazişin imzalanmasını təşkil edə bilsək, bu, iki ölkə arasında ticarətin inkişafına kömək edə bilər. Belə olan halda, əminəm ki, yaxın bir neçə ayda konkret nəticələr görəcəyik və ölkələrimiz arasında ticarət dövriyyəsinin əhəmiyyəti dərəcədə artmasının şahidi olacağıq”, - deyə o bildirib.
“Gələn il ikitərəfli münasibətləri inkişaf etdirmək və iki ölkə arasında ticarət səviyyəsini yüksəltmək üçün əlimizdən gələni edəcəyik”, - deyə səfir əlavə edib.
C.Mirzəyev, həmçinin İndoneziya şirkətlərini Azərbaycanda işləməyə dəvət edib. “İnfrastruktur əməkdaşlığın elementlərindən biri olacaq. Hazırda biz İndoneziya şirkətlərindən konkret təkliflər almışıq. Onlar Azərbaycana gəlməyə hazırdırlar”, - deyə o bildirib.
Bundan başqa, səfir iki ölkə arasında birbaşa aviareyslərin açılması məsələsinə də toxunub. “İstanbul, Doha və ya Dubay üzərindən Ümrə ziyarətinə gedən indoneziyalı zəvvarların Azərbaycana da səfər edə bilmələri üçün “Ümrə Plus” paketlərini təşkil etmək məqsədilə bir çox İndoneziya şirkətləri ilə işləyirik. Ölkəmizdə onların ziyarət edə biləcəyi çoxlu abidələr və tarixi yerlər var. Lakin birbaşa aviareyslərin olmaması vəziyyəti çətinləşdirir”, - deyə o qeyd edib.*
E.Şəfiyev