Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş Azərbaycan müəssisələrinin ixrac potensialı 360,133 min ton təşkil edir. Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətindən məlumat verilib.
“Bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 205 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Bu müəssisələrin ixrac potensialı 360,133 min ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 200.1%-ni təşkil edir”, - deyə məlumatda qeyd olunur.
AQTA-dan “İnterfaks-Azərbaycan” agentliyinə bildiriblər ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan RF-yə 114,545 min ton pomidor ixrac olunub.
2020-ci ildə Azərbaycan 187,539 min ton pomidor ixrac edib ki, bu da 2019-cu ilin göstəricisindən 7,4% çoxdur. İxracın ümumi dəyəri $201 milyon 353,53 min (artım 6,3%) təşkil edib.
Azərbaycan pomidorunun əsas idxalçısı Rusiya olub. Ötən il bu ölkəyə $197 milyon 414,1 min dəyərində 179,884 min ton pomidor (bütün ixracın 95,9%-i – İF) ixrac olunub. 2019-cu illə müqayisədə Rusiyaya pomidor ixracı miqdar ifadəsində 3%, dəyər ifadəsində 4,7% artıb.*
X.Nəsirzadə