“Muğanbank” 2021-ci ilin yanvar-sentyabr aylarında aktivlərini 9% - 643,93 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 sentyabr 2021-ci il tarixinə bankın kredit portfeli 380,446 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 13,2% - İF) təşkil edib. İstehlak kreditləri 25,863 milyon manat (artım 19,3%), biznes kreditləri 248,229 milyon manat məbləğində (artım 22,2%) qiymətləndirilir.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 551,802 milyon manata (artım 9,5%) bərabərdir. Bankda depozitlər 307,783 milyon manat (artım 10,4%), o cümlədən əhalinin əmanətləri 255,307 milyon manat (artım 22%) təşkil edir.
“Muğanbank”ın kapitalı 92,128 milyon manat (artım 6%), nizamnamə kapitalı 107,5 milyon manat (artım 4,9%) təşkil edib.
2021-ci ilin 9 ayının yekunları üzrə bankın xalis mənfəəti 601,81 min manata bərabər olub (2020-ci ilin müvafiq dövründə 1 milyon 880,74 min manat məbləğində zərərə qarşı).
“Muğanbank” 1992-ci ilin noyabr ayında yaradılıb və Azərbaycanın 15 aparıcı bankından biridir. Bankın səhmdarları 4 fiziki şəxsdir.**
X.Nəsirzadə