2021-ci ilin yanvar-oktyabr aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 13 milyard 39 milyon 909,092 min manat təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 28% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilib.
6 milyard 573 milyon 487,417 min manat (azalma 1,7%) dövlət qiymətli kağızları ilə əqdlərin payına düşüb. Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların həcmi 2 milyard 237 milyon 178,281 min manat (artım 1,7 dəfə) olub. İlkin bazarda 1 milyard 419 milyon 692,31 min manatlıq, təkrar bazarda 817 milyon 485,971 min manatlıq istiqraz yerləşdirilib.
Hesabat dövründə AMB-nin qısamüddətli notlarının yerləşdirilmə həcmi 4 milyard 336 milyon 309,136 min manat (azalma 19,2%) təşkil edib. İlkin bazarda 4 milyard 193 milyon 549,481 min manatlıq, təkrar bazarda 142 milyon 759,655 min manatlıq not yerləşdirilib.
10 ay ərzində BFB-nin ümumi dövriyyəsində 418 milyon 927,601 min manat (azalma 4,2 dəfə) korporativ bazarın payına düşüb. 297 milyon 165,143 min manat ilkin bazarın, 121 milyon 762,458 min manat təkrar bazarın payına düşüb. İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının ilkin bazarda yerləşdirilmə həcmi 200 milyon manat, təkrar bazarda yerləşdirilmə həcmi 62 milyon 909,939 min manat təşkil edib.
Yanvar-oktyabr aylarında BFB-nin ümumi dövriyyəsində 6 milyard 47 milyon 494,074 min manat (artım 3,5 dəfə) repo əməliyyatlarının payına düşüb.
BFB-nin məlumatına görə, sentyabrın sonuna birjanın kapitallaşması 4 milyard 259 milyon 211,229 min manat təşkil edib ki, bu da 2021-ci ilin əvvəlinə olan göstəricidən 10% çoxdur.**
X.Nəsirzadə