2021-ci ilin yekunları üzrə Azərbaycanda nağdsız ödənişlər üzrə elektron ticarət dövriyyəsi 5,3 milyard manat səviyyəsində proqnozlaşdırılır. Bu barədə “MasterCard” şirkətinin biznesin inkişafı üzrə direktoru Hakan Tatlıcı bəyan edib. “Əgər 2017-ci ildə elektron kommersiya həcmi 600 milyon manat təşkil edirdisə, o zaman 2021-ci ilin yekunları üzrə 5,3 milyard manat həcmində dövriyyə gözləyirik, bu da 783% artım deməkdir”, - Tatlıcı bu gün onlayn mətbuat konfransında deyib.
Tatlıcının təqdim etdiyi digər proqnozlara əsasən, 2021-ci ilin sonunda Azərbaycanda ödəniş kartlarının sayı 2017-ci illə müqayisədə təxminən iki dəfə - 10,4 milyon ədədə qədər, POS-terminallar vasitəsilə daxili dövriyyə 2,1 milyard manatdan 10 milyarad manatadək artacaq. Bu da ümumi dövriyyədə POS-terminalların payını 15%-dən 30%-dək artıracaq.
Bundan əlavə, 2021-ci ildə Azərbaycanda smartfonlar vasitəsilə tranzaksiyaların sayı 2017-ci ilin göstəricisi ilə müqayisədə 5 dəfə - 26 milyonadək artacaq. Həmçinin, dövlət ödənişləri ilə tranzaksiyaların sayı 1,4 milyon ədəddən 21 milyon ədədə qədər artacaq. **
R.Əhmədov