“Zəyəm Texnologiyalar Parkı” ASC (ZTP) 4-5 noyabr tarixlərində 18 milyon manat dəyərində səhmlərin yerləşdirilməsi üzrə hərraclar keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından (BFB) məlumat verilib.
Emissiya prospektinə əsasən 4 noyabr 2021-ci il tarixində səhmlər üstünlük hüququna malik investorlar arasında yerləşdiriləcək, 5 noyabr 2021-ci il tarixində isə yerləşdirilməyən səhmlər digər investorlar arasında yerləşdiriləcək.
Səhmlər BFB-də listinqə daxil edilib.
2020-ci ilin sonuna cəmiyyətin nizamnamə kapitalı 305,246 min manata bərabərdir. Səhmlər yerləşdirildikdən sonra nizamnamə kapitalı 18 milyon 305,246 min manata qədər artacaq.
Cəmiyyət səhmlərin yerləşdirilməsindən əldə edilən vəsaitləri 17 milyon 876,442 min manat məbləğində qiymətləndirilən borcların ödənilməsinə, qalan məbləği isə şirkətin cari fəaliyyətinə yönəldəcək.
Şəmkir şəhərində fəaliyyət göstərən “Zəyəm Texnologiyalar Parkı” ASC kənd təsərrüfatı sektoru üçün metal konstruksiyalar, avadanlıqlar və digər məhsulların istehsalını həyata keçirir. 2020-ci ilin sonuna cəmiyyətin aktivləri 17,2 milyon manat məbləğində qiymətləndirilir.*
R.Əhmədov