Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 7 istiqamət üzrə daxili bazar araşdırmaları aparacaq şirkətləri seçib.
Bu məqsədlə agentlik ümumi dəyəri 112,536 min manat olan 5 müqavilə bağlayıb.
www.tender.gov.az saytında dərc olunmuş materiallara əsasən, “Agriculture management and Investment Company” MMC ilə “Səyyar qəhvə və yan məhsulların istehlakı” sahəsi üzrə daxili bazar araşdırmalarının aparılması xidmətinin satın alınması haqqında müqavilə bağlanıb. Müqavilənin dəyəri 16,5 min manatdır.
“Princeps Legem” MMC ilə “Sabun istehsalı” layihəsi üzrə daxili bazar araşdırması ilə əlaqədar məsləhət xidmətinin satın alınması haqqında 15,399 min manat məbləğində müqavilə bağlanıb.
“Geo-Su Group” MMC ilə “Qazlı və qazsız içməli suların istehsalı” layihəsi üzrə daxili bazar araşdırması ilə əlaqədar məsləhət xidmətinin satın alınması haqqında müqavilə bağlanıb. Müqavilənin dəyəri 15,222 min manatdır.
“Qafqaz Consulting” MMC ilə “Limonadların istehsalı” layihəsi üzrə daxili bazar araşdırması ilə əlaqədar məsləhət xidmətinin satın alınması haqqında 15,009 min manat dəyərində müqavilə bağlanıb.
“60MARCOM” MMC ilə “Lifsiz pambıq toxumunun emalı müəssisəsinin yaradılması”, “Pambıq bitkisinin gövdəsindən mebel sənayesində lazım olan yarımfabrikat lövhələrin hazırlanması” və “Pambıq çiyidinin toxumundan, günəbaxan və qarğıdalı bitkilərindən qida üçün yağ məhsullarının hazırlanması müəssisəsinin yaradılması” layihələri üzrə daxili bazar araşdırmasının aparılması xidmətlərinin satın alınması haqqında müqavilə bağlanıb. Müqavilənin dəyəri 50,406 min manatdır.
Prezident İlham Əliyev 2017-ci ilin dekabr ayında “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin funksiyalarına ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, KOS subyektlərinə müxtəlif xidmətlərin göstərilməsi daxildir.*
B.Rüstəmbəyov