Vergi Məcəlləsinə dəyişikliklər edilməsi nəticəsində 2022-ci ildə dövlət büdcəsinə 65 milyon manatdan artıq əlavə vəsaitin daxil olacağı proqnozlaşdırılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Azərbaycan hökuməti büdcə paketi çərçivəsində Vergi Məcəlləsinə dəyişikliklər layihəsini parlamentə təqdim edib.
Bu layihə həm müxtəlif istiqamətlər üzrə vergi güzəştlərinin (vergidən azad etmə daxil olmaqla) tətbiq edilməsini, həm də müxtəlif mallara görə aksiz dərəcələrinin və müxtəlif pozuntulara görə cərimələrin artırılmasını nəzərdə tutur.
Layihəyə əsasən, içməli spirt (etil spirti), araq, tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör və likör məmulatlarının hər litrinə tətbiq olunan aksiz dərəcəsinin 3,2 manatdan 4 manata qaldırılması planlaşdırılır.
Tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə tətbiq olunan 35 manat aksiz dərəcəsi 38,5 manata qaldırılacaq.
Bundan başqa, dəyişikliklər mühərrikinin həcmi 3000 kubsantimetrdən çox olan minik avtomobillərinə görə aksiz dərəcələrinin artırılmasını nəzərdə tutur.
Mühərrikin həcmi 4000 kubsantimetrədək olan minik avtomobillərinə görə aksiz dərəcəsi 5,6 min manat, mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 15 manat (hazırda 13 manat) təşkil edəcək.
Mühərrikin həcmi 5000 kubsantimetrədək olan minik avtomobillərinə görə aksiz dərəcəsi 18,6 min manatdan 20,6 min manata, mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 35 manatdan 40 manata qədər artırılır.
Mühərrikin həcmi 5000 kubsantimetrdən çox olan minik avtomobillərinə görə aksiz dərəcəsi 53,6 min manatdan 60,6 min manata, mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 70 manatdan 80 manata qədər artırılır.
Eyni zamanda, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və yaralanmış hərbi qulluqçular üçün vergi güzəştlərinin tətbiq edilməsini nəzərdə tutur.
Həmçinin hibrid avtomobillərin idxalı və satışının 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.
Vergi Məcəlləsinə dəyişikliklər 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.*
A.Əzizov