Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında yekun sənəd imzalanıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“Sənəd iki ölkə arasında müxtəlif istiqamətlərdə iqtisadi əməkdaşlığın genişləndirilməsinə imkan verəcək tədbirlərin keçirilməsini, habelə qarşılıqlı investisiyaların təşviqini və kiçik və orta biznes sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur”, - deyə Cabbarov Twitter hesabında yazıb.
Qeyd edək ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti 2-5 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərində səfərdədir.
BƏƏ-də Hökumətlərarası Komissiyanın 8-ci iclası ilə yanaşı, Azərbaycan İnvestisiya Forumu keçiriləcək, nümayəndə heyətinin BƏƏ-nin rəsmi və biznes nümayəndələri ilə görüşləri, xarici investisiyaların cəlbi baxımından əhəmiyyətli platforma hesab edilən və ölkəmizin investisiya imkanlarının da nümayiş olunduğu “Dubay Expo 2020” ümumdünya sərgisinə səfəri təşkil ediləcək.*
B.Rüstəmbəyov