Azərbaycan 2050-ci ilə qədər atmosferə atılan tullantıları 40%-dək azaltmağı planlaşdırır.
“Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı Sessiyasında Pariş Sazişindən sonra 5 illik dövrün nəticələri müzakirə edilir. Qlobal səylərə öz töhfəsini vermək məqsədilə Azərbaycan konfransda yeni hədəflə çıxış edərək, 2050-ci ilə qədər əlavə könüllü öhdəlik kimi emissiyaların 40%-dək azalmasını və işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılmasını bəyan edib”, - deyə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bildiriblər.
Konfransda Azərbaycanda “Yaşıl İqtisadiyyat”a keçid istiqamətində qəbul olunmuş inkişaf proqramları haqqında məlumatlar verilib.
“Bundan başqa, iqtisadiyyatın sürətlə inkişaf etməsinə baxmayaraq, ölkəmizin qlobal emissiyalarda payının çox cüzi, 0,15% təşkil etməsi haqqında məlumat verilib”, - deyə məlumatda qeyd olunur.
Konfransda ölkəmizi ETSN-in Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı təmsil edib.*
N.Abbasova