Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2021-ci ildə Azərbaycanda ÜDM-in 4% artacağını proqnozlaşdırır. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə bankın “Regional İqtisadi Perspektivlər” (Regional Economic Prospects) adlı noyabr icmalında deyilir.
2021-ci ilin iyun ayında bank cari ildə Azərbaycanda ÜDM-in artımını 2% səviyyəsində proqnozlaşdırmışdı.
AYİB-in qiymətləndirmələrinə əsasən, 2022-ci ildə ÜDM-in artımı 3,2% (iyun proqnozu - 2,5%) təşkil edəcək.
Bankın mütəxəssisləri qeyd edirlər ki, neft və qazın bahalaşması fonunda Azərbaycan iqtisadiyyatı gözlənildiyindən daha sürətli templə bərpa olunur.
“2021-ci ilin yanvar-sentyabr aylarında ÜDM-in artım tempi qeyri-neft sektorunun 6,2% artması hesabına 4,8% təşkil edib. Eyni zamanda, Azərbaycan OPEC+ razılaşması çərçivəsində neft hasilatını tədricən artırır. Bunun hesabına yanvar-sentyabr aylarında neft-qaz sektorunda artım 1,4% təşkil edib. Neft hasilatı üzrə kvotaların tədricən artırılması ilə dəstəklənən tələbatın yüksəlməsi və neftin bahalaşması 2021-ci ilin sonuna kimi iqtisadiyyatı dəstəkləyəcək. Bunun əsasında biz 2021-ci ildə ÜDM-in 4%, 2022-ci ildə 3,2% artacağını gözləyirik”, - deyə icmalda bildirilir.
AYİB-in qiymətləndirmələrinə görə, neftin əlverişli qiymətləri Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitini təmin edib.
Bununla yanaşı, bank qeyd edir ki, dünya üzrə əmtəə və logistika xidmətlərinin bahalaşması Azərbaycanda inflyasiyanın 8,5%-ə qədər sürətlənməsinə səbəb olub.
AYİB-in proqnozlarına görə, 2021-2022-ci illərdə Ermənistanda ÜDM-in artımı müvafiq olaraq 5,3% və 1% təşkil edəcək, Gürcüstanda isə ÜDM 7,5% və 5,5% artacaq.
Azərbaycan hökuməti 2021-ci ildə ÜDM-in 5%-dək artacağını proqnozlaşdırır.
2020-ci ildə Azərbaycanda ÜDM COVID-19 səbəbindən tətbiq edilən məhdudiyyətlər və OPEC+ razılaşması çərçivəsində neft hasilatının azaldılması ilə əlaqədar 4,3% azalıb.*
A.Əzizov