2021-ci ilin 10 ayı ərzində “Cənub Qaz Dəhlizi” (CQD) ilə 14 milyard kubmetrdən çox Azərbaycan qazı ixrac edilib. Bunu Prezident İlham Əliyev deyib.
“2021-ci ilin yanvar ayından oktyabr ayının 31-dək, yəni 10 ay ərzində bu marşrutla Gürcüstan, Türkiyə, İtaliya, Yunanıstan və Bolqarıstana 14 milyard kubmetrdən çox Azərbaycan qazı ixrac edilib və bu həcmin demək olar ki, yarısı Avropa İttifaqının istehlakçıları tərəfindən istifadə edilib. Azərbaycan qazının çatdırıldığı Avropa ölkələrində qiymət böhranı və soyuqdan donma halları yoxdur. Bu, bir daha onu göstərir ki, CQD enerji təhlükəsizliyi layihəsidir və bütün Avropa üçün vacib layihədir”, - deyə İ.Əliyev bu gün “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, CQD nəinki marşrutların, həm də mənbələrin şaxələndirilməsi deməkdir. “Azərbaycandan ixrac edilən qaz Avropa üçün yeni mənbədir. Azərbaycan təkcə neft deyil, qaz da ixrac edən məsuliyyətli hasilatçı ölkədir və biz gələcəkdə enerji təhlükəsizliyi məsələlərində çox mühüm rol oynayacağıq”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Cənub Qaz Dəhlizini işə salıb. Layihənin dəyəri $33 milyard təşkil edib.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
CQD ilə ildə 16 milyard kubmetr həcmində Azərbaycan qazının ixrac edilməsi nəzərdə tutulub. Bunun 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz ixracına 2018-ci ilin yayından başlanılıb. “Şahdəniz” yatağından hasil olunan Azərbaycan qazının İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılar üçün Avropaya nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. Avropaya ixrac CQD-nin sonuncu seqmenti olan və illik ötürmə qabiliyyəti 10 milyard kubmetr təşkil edən Trans-Adriatik qaz kəməri (TAP) ilə həyata keçirilir.
Hazırda CQD-nin ötürmə gücünün 2 dəfə artırılması məsələsi müzakirə edilir.*
N.Abbasova