2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) ilə Avropaya 6 milyard kubmetrə yaxın Azərbaycan qazı nəql edilib. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu “TAP AG” konsorsiumunun kommersiya direktoru Mariya Savova deyib.
“Ötən ilin dekabrın sonundan TAP-la Azərbaycandan Avropaya 6 milyard kubmetrə yaxın qaz nəql edilib. TAP-ın əhəmiyyəti cari qaz bazarı kontekstində olduqca vacibdir. Təbii qaz və mövcud qaz infrastrukturu qlobal enerji keçidində strateji rol oynamağa davam edəcək”, - deyə o bildirib.
Beynəlxalq Enerji Agentliyi (IEA) 2021-ci ildə TAP-la Azərbaycandan Avropaya 8 milyard kubmetrə yaxın qazın nəql olunacağını proqnozlaşdırır.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana ixracına 2020-ci il dekabrın 31-də başlanılıb.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan CQD layihəsinin sonuncu komponentidir.
Qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Kəmərin ötürmə qabiliyyəti onun gücünü iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.
Layihənin səhmdarları SOCAR (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir. Layihənin dəyəri 4,5 milyard avrodur. TAP-ın təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanda keçirilib.*
N.Abbasova