Azərbaycan qeyri-neft məhsullarının Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bazarlarına çıxarılmasında maraqlıdır. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
M.Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Dubay şəhərində səfərdədir. Səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə tərəflər iqtisadi-ticarət əlaqələrinin intensivləşdirilməsi perspektivlərini müzakirə ediblər.
Azərbaycanın iqtisadiyyat naziri COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, ticarət dövriyyəsində artım dinamikasının müşahidə edildiyini diqqətə çatdırıb. Ticarət əlaqələrinin şaxələndirilməsinin önəmi, Azərbaycanın qeyri-neft məhsullarının BƏƏ bazarlarına çıxarılması imkanlarının daha geniş olduğu vurğulanıb.
Onun sözlərinə görə, Azərbaycan şirkətlərinin “Dubay EXPO 2020” sərgisində iştirakı məhsullarımızın, ölkəmizin investisiya imkanlarının tanıdılmasında xüsusilə əhəmiyyətlidir.
Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Abdulla Bin Touq Al Marri ölkələrimiz arasında bir çox sahələrdə uğurlu əməkdaşlığı qeyd edib, tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib.
İclasın sonunda Hökumətlərarası Komissiyanın həmsədrləri tərəfindən Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 8-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənəddə ikitərəfli iqtisadi əlaqələr, investisiya, ticarət, “yaşıl” enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, innovasiya, logistika, turizm, səhiyyə, elm sahələrində əməkdaşlığın gücləndirilməsi, eləcə də iki ölkə arasında işgüzar əlaqələrin, KOB-lar arasında tərəfdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi məqsədilə Biznes Şurası və işçi qrupların yaradılması nəzərdə tutulur.*
X.Nəsirzadə