2021-ci ilin yanvar-sentyabr aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan təxminən 126 milyon barel (17 milyon ton) neft hasil edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BP Exploration (Caspian Sea) Limited” şirkətindən (layihənin operatoru – İF) məlumat verilib.
Xəbər verildiyi kimi, 2020-ci ilin yanvar-sentyabr aylarında AÇG blokundan 132 milyon barel neft (17,9 milyon ton) hasil olunub. Beləliklə, bu ilin yanvar-sentyabr aylarında sözügedən müqavilə sahəsindən neft hasilatı 4,5% azalıb.
Hesabat dövründə şirkət AÇG blokunun işlənməsi layihəsi üzrə xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,7% - $1 milyard 641 milyona qədər azaldıb. “Bu məbləğin $398 milyonu əməliyyat xərclərinin, $1 milyard 243 milyonu əsaslı xərclərin payına düşüb”, - deyə mətbuat xidmətinin məlumatında bildirilir.
Bu dövrdə orta gündəlik neft hasilatı 461 min barel (ötən ilin yanvar-sentyabr aylarında 482 min barel) olub.
Yanvar-sentyabr aylarında “Çıraq” platformasından gündəlik 29 min barel (2020-ci ilin müvafiq dövründə 36 min barel), “Mərkəzi Azəri” platformasından 109 min barel (gündəlik 115 min barel), “Qərbi Azəri” platformasından 115 min barel (gündəlik 118 min barel), “Şərqi Azəri” platformasından 77 min barel (gündəlik 64 min barel), “Dərinsulu Günəşli” platformasından 87 min barel (gündəlik 97 min barel), “Qərbi Çıraq” platformasından 44 min barel (gündəlik 52 min barel) neft hasil olunub.
2020-ci ildə AÇG blokundan neft hasilatı təxminən 175 milyon barel (23,6 milyon ton) həcmində olub, orta gündəlik neft hasilatı 2019-cu illə müqayisədə 10,3% azalıb.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “MOL” (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
Yeni saziş çərçivəsində 2017-2049-cu illərdə sərmayə qoyuluşu $43 milyard məbləğində qiymətləndirilir və 500 milyon tondan çox neft hasil olunacağı nəzərdə tutulur.
“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci il fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.*
N.Abbasova