2021-ci ilin yanvar-sentyabr aylarında 1171 yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində 504 nəfər həlak olub. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Qeydə alınmış yol-nəqliyyat hadisələrinin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3% artıb.
Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1,3% artaraq 1547 nəfər olub. Onlardan 504-ü həlak olub, 1043-ü isə yaralanıb.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 79,8%-ni, yaralananların isə 71,8%-ni kişilər təşkil edib.
9 ay ərzində nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 15 hadisə baş verib, nəticədə 6 nəfər həlak olub, 16 nəfər yaralanıb. Hadisələrin 73,3%-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
Bütün yol-nəqliyyat hadisələrinin 41,3%-i nəqliyyat vasitələrinin və piyadaların, 36%-i bir neçə nəqliyyat vasitəsinin, 22,7%-i bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Hadisələrin 41,7%-i gündüz, 40%-i gecə, 18,3%-i isə toran vaxtı baş verib, 28,8%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.*
X.Nəsirzadə