2021-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 30 milyon 403 min ton təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yüklərin 9930,3 min tonu və ya 32,7%-i dəmir yolu nəqliyyatı (artım 4,2%), 17037,2 min tonu və ya 56%-i avtomobil nəqliyyatı (artım 2,5%), 3435,5 min tonu və ya 11,3%-i (azalma 7,4%) dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 21,9%-ni və ya 6654,1 min tonunu (artım 9,2%) tranzit yüklər təşkil edib.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.*
B.Rüstəmbəyov