2021-ci ildə Avropaya 6,5 milyard kubmetr, 2022-ci ildə 10 milyard kubmetr Azərbaycan qazı ixrac ediləcək. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
Azərbaycan 2020-ci il dekabrın 31-də Avropaya qaz ixracına başlayıb.
“2021-ci ildə Azərbaycandan Avropaya 6,5 milyard kubmetr qaz ixrac ediləcək, 2022-ci ildə isə bu rəqəm 10 milyard kubmetrə çatacaq”, - deyə Şahbazov “Bloomberg” agentliyinə müsahibəsində bildirib.
Nazir əlavə edib ki, qazın qiyməti bahalaşdıqdan sonra Azərbaycan Avropadakı yeni potensial təbii qaz alıcılarından müraciətlər alıb.
“Avropanın şərqində və cənubunda yerləşən dövlətlər və şirkətlər Azərbaycan qazını almağa maraq göstəriblər. Biz mövcud və potensial alıcılarla təmasdayıq. Gələcəkdə yeni alqı-satqı müqavilələrinin bağlanması ehtimalı kifayət qədər yüksəkdir”, - deyə P.Şahbazov vurğulayıb.
Daha əvvəl “TAP AG” konsorsiumunun kommersiya direktoru Mariya Savovaya istinadən verilən məlumata görə, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) ilə Avropaya 6 milyard kubmetrə yaxın Azərbaycan qazı nəql edilib.
Beynəlxalq Enerji Agentliyi (IEA) 2021-ci ildə TAP-la Azərbaycandan Avropaya 8 milyard kubmetrə yaxın qazın nəql olunacağını proqnozlaşdırır.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana ixracına 2020-ci il dekabrın 31-də başlanılıb.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan CQD layihəsinin sonuncu komponentidir.
Qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Kəmərin ötürmə qabiliyyəti onun gücünü iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.
Layihənin səhmdarları SOCAR (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir. Layihənin dəyəri 4,5 milyard avrodur. TAP-ın təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanda keçirilib.*
N.Abbasova