Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına gətirib çıxaracaq. Xarici işlər naziri Ceyhun Bayramov belə hesab edir.
“Hesab edirəm ki, sərhədlərin delimitasiyasından sonra Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşacaq. Yaranan imkandan tək Azərbaycan və Ermənistan deyil, bütün region ölkələri bəhrələnəcək”, - deyə nazir bu gün “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu çərçivəsində keçirilən paneldə çıxışı zamanı bildirib.
Bakının Qarabağ münaqişəsinin həlli istiqamətində BMT-nin səylərini necə qiymətləndirməsi ilə bağlı suala cavab olaraq XİN başçısı deyib ki, BMT-nin müxtəlif qərar və qətnamələrinə qərəzli yanaşma onlara olan etimadı azaldır. “Biz görürük ki, böyük qüvvələr müxtəlif qərar və qətnamələrə (BMT Təhlükəsizlik Şurasının – İF) fərqli səviyyələrdə diqqət göstəriblər. Məsələn, BMT Təhlükəsizlik Şurasının bir qərarı bir neçə həftə ərzində icra edilir, digər qərara isə 30 il ərzində ciddi diqqət yetirilmir ki, bu da qarşı tərəfi, bu halda Ermənistanı danışıqlar prosesini dondurmağa və təxribat törətməyə təhrik edib. Demək istəyirəm ki, əgər beynəlxalq birlik dünya nizamında maraqlıdırsa, ilk növbədə, qərarların qəbul edilmə prosesinin ədalətli və vicdanlı olmasına diqqət yetirməli, ikincisi isə bu qərarların yerinə yetirilməsinə hörmətlə yanaşmalıdır”, - deyə C.Bayramov vurğulayıb.*
E.Şəfiyev